Bütün inkişaf edən şirkətlər kimi, “Endorphin” də maliyyə davamlılığını qorumaq üçün xərcləri optimallaşdırmağa çalışır. Xərclərimizin 80%-dən çoxu əməkhaqqı, xarici tərəfdaşlar və digər işçi güzəştləri ilə bağlıdır. Müştərilərlə bağlı hər hansı bir məsrəf olarsa, komanda rəhbərinlə məsləhətləş. Onların adətən şirkətə məxsus biznes kredit kartı olur. Effektivliyi artırmaq və əməliyyatların axıcı şəkildə davam etməsini təmin etmək üçün aşağıdakı qaydalar əsasında xərclərin geri ödənilməsi həyata keçirilir.
Şəhər daxili və xarici rəsmi səfərlər
- Yemək: Müştəri görüşləri zamanı nahar və ya şam yeməyi xərcləri geri ödənilir (şəxsin başına maksimum 30 AZN).
- Aeroport nəqliyyatı: Aeroport səfərləri üçün nəqliyyat xərcləri qəbz əsasında geri ödənilir. Bu səfərlər adətən öncədən təsdiqlənir və ofis meneceri tərəfindən təşkil olunur.
- Yerli nəqliyyat: Şirkətin əməkdaşlıq etdiyi taksi şirkəti ilə yerli nəqliyyatdan istifadə etmək mümkündür, lakin bu limitsiz istifadə hüququ vermir. Taksi sifariş edərkən “Comfort” və ya “Comfort+” seçimindən artıq olan xidmətlərdən istifadə edilməməsi xahiş olunur.
- Digər xərclər: Ön görülən əlavə xərclərlə bağlı əvvəlcədən komanda rəhbərindən icazə almağın vacibdir.
İş yerində (yaşadığınız şəhərdə) rəsmi görüşlər
- Nəqliyyat xərcləri; Taksi, ictimai nəqliyyat, parkinq və yol haqları qəbz əsasında geri ödənilir.
- Digər xərclər; Uzaq məsafədə görüşlər və digər gözlənilən xərclər öncədən komanda rəhbəri tərəfindən təsdiqlənməlidir.
Müştəri çəkilişləri
- Yemək: Əgər çəkiliş meydançasında qida təmin edilmirsə, yemək xərcləri maksimum 20 AZN olmaqla geri ödənilir.
- Nəqliyyat: Çəkilişlər zamanı nəqliyyat xərcləri yuxarıda qeyd edilən qaydalara uyğun olaraq ödənilir.
Abunəliklər
Rəsmi iş məqsədləri üçün abunəlik tələb olunarsa (məs., Midjourney, ChatGPT və s.), komanda rəhbərinlə məsləhətləş. Təsdiqləndikdən sonra maliyyə komandasına e-poçt göndərərək komanda rəhbərini də CC et.
Ümumiyyətlə, “Endorphin” lazımi alətləri əməkdaşlarına təqdim edir və abunəliklər işə başladıqdan sonra aktiv edilir.
Ümumi qaydalar
- Təsdiqləmə prosesi; Xərclərin geri qaytarılması üçün müraciətlər xərcin yarandığı tarixdən etibarən 30 gün ərzində ofis menecerinə təqdim edilməlidir.
- Qəbzlərin təqdimatı; Yemək və nəqliyyat xərcləri üçün bütün qəbzlər ofis menecerinə geri ödəniş sorğusu ilə birlikdə təqdim olunmalıdır.
- Valyuta çevrilməsi; Xarici valyutada edilən xərclərin geri ödənilməsi xərcin yarandığı günün valyuta məzənnəsinə əsasən həyata keçirilir. Xərcin məbləğini göstərən sənədlə birlikdə müvafiq konvertasiya məlumatları da təqdim edilməlidir.